HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 4732 İçerik Bulunuyor.

SON DAKİKA

Türk dünyasının latın qrafikalı, yüz yaşlı, unudulmuş ilk sanballı kitabı

02 Aralık 2016 - 572 views kez okunmuş
Ana Sayfa » Genel»Türk dünyasının latın qrafikalı, yüz yaşlı, unudulmuş ilk sanballı kitabı
Türk dünyasının latın qrafikalı, yüz yaşlı, unudulmuş  ilk sanballı kitabı

Nazim Nəsrəddinov,

                   Azərbaycan Respublikasının əməkdar  müəllimi,

                   Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının

                   Azərbaycan dili və ədəbiyyatı  bölməsinin üzvü,

                   AAM-in  kafedra müdiri.

Görkəmli türk pedaqoqu, keçən əsrin 20-ci illərindən başlayaraq, əsərlərini “tərbiyə doktoru Halil Fikret” kimi imzalayan Halil Fıikret (1892-1974) və onun yaradıcılığı haqqında elmi araşdırmalar apararkən hər dəfə maraqlı və çox böyük elmi əhəmiyyəti olan faktlarla, dəyərli materiallarla rastlaşanda onları elmi ictimaiyyətlə bölüşməyə tələsirəm. 1916-cı ildə Almaniyanın Leipziq şəhərində çap olunan 31 səhifəlik bir kitabın üz qabığında onun adını dünyanın ən məşhur pedaqoqlqrından biri, alman afrikanşünası və şərqşünası Hans Stumme (1864-1936) ilə yanaşı gördükdə isə nədənsə tələsmədim, faktları diqqətlə araşdırmağa başladım. Yox, səhv etməmişdim. Leipziq Universitetinin son kurs tələbəsi oxuduğu ali təhsil ocağının professoru ilə birgə elmi əməkdaşlıq etmişdir. Bəri başdan deyim ki, əsər 1915-ci ilin sonlarında tamamlanmış, 1916-cı ilin yanvarında Leipziqdəki “Otto Harrassowitz” nəşriyyatı tərəfindən latın qrafikası ilə dünyanın türkdilli oxuculara çatdırılmışdır. Bu, o vaxtlar idi ki, türkdilli ölkələrdə, o cümlədən Türkiyədə də, Azərbaycanda da ərəb qrafikalı yazıdan istifadə olunurdu. Doğrudur, ayrı-ayrı ziyalılar 1878-ci ildə dünyasını dəyişən M.F.Axunzadənin latın qrafikalı əlifba çağırışı hələ də unuda bilmirdilər. Bu yolda M.Şahtaxtlının xidmətləri ziyalılara daha qabarıq şəkildə çatdırılırdı.

  1879-1884-ci illərdə Tiflisdə Azərbaycan dilində  çap olunan “Ziya” qəzetində ana dili və onun mübtədi (ibtidai-N.N.) məktəblərdə tədrisi üsulları haaqqında maraqlı mülahizələr söylənilmişdir. Qəzetin redaksiya heyəti ərəb əlifbasının islahı və dəyişdirilməsi ətrafında uzun illər boyu aparılan mübahisələri fikir mübadiləsini genişləndirmək məqsədilə gündəmə gətirirdi. Əslində “Ziya” qəzetinin naşiri Səid Ünsizadə də, baş mühərriri Cəlal Ünsizadə də ərəb əlifbasının tərəfdarları idi; onlar əlifbanın dəyişdirilməsinin törədəcəyi çətinlikləri görür, məktəblərdə dilin tədris üsullarını yaxşılaşdırmağı daha vacib sayırdılar.

  1296-cı hicri-qəməri ilində (miladi təqvimi ilə 1879-cu ildə) İstambulda “Şirkəti-İraniyyə” mətbəəsində İranın Tiflisdəki konsulxanasında tərcüməçi işləyən Mirzə Rza xan Daniş latın və rus əlfbaları əsasında düzəltdiyi “Risaleyi-Rüşdiyyə” kitabçasını nəşr etdirir. Bu kitabça tanışlıq və rəy üçün işin içində olan bir sıra ziyalılara göndərilir. İstanbulda fars dilində nəşr olunan “Əxtər” qəzeti öz səhifələrində geniş müzakirə açır. Həmin müzakirə materialları operativ şəkildə “Ziya” qəzetində də çap edilir. Müzakirələrdə Zaqafqaziyanın şeyxülislamı Əhməd vəy Hüseynzadə, müfti Əbdülhəmid Əfəndizadə, atası fransız, anası alman olan rus şərqşünası Adolf Berje və başqaları çıxış edirlər.

   Əlifba  qalmaqallarının  səngimədiyi, gündəmdən düşmədiyi bir vaxtda-1916-cı ildə Almaniyanın Leipziq şəhərindəki iri mətbəələrinin birində – OTTO HARRASSOWİTZ-də latın qrafikası ilə

 Türkische Lesestoffe

                 handschriftlich im  Rуka- Charakter und umschrieben mit 

                 lateinischen Buchstaben,unter Beifügung einer einführenden

                Darstellu des türkischen  Alphabets im  Rукa-Charakter
                                                        adlı 31 səhifəlik  bir kitab çap edilir. 
                        
  
“Halil Fikret 1923-26-cı illərdə babalarımıza Bakı Dövlət Universitetində psixologiya və pedaqogikadan dərs deyən professorlardandır. O, Azərbaycan Respublikasının elmi-ictimai həyatında əhəmiyyətli yeri olan türk qardaşlarımızdan biridir. Bakıya ali təhsil müəssisələrində işləməyə dəvət edilmiş, Azərbaycan Xalq Maarif Komissarlığında məktəbəqədər tərbiyə şöbəsinin müdiri vəzifəsində işləmişdir. Halil Fikret Bakıda müxtəlif elmi jurnallarda, respublika və əyalət mətbu orqanlarında maarifçilik məsələlərinə aid onlarla elmi, elmi-metodiki, bədii-publisistik məqalə yazmışdır. 

Professor, tərbiyə doktoru Halil Fikrətin Bakıda S.M.Qənizadə, A.Şaiq, H.Cavid, M.S.Ordubadi, Q.R.Mirzəzadə, M.Mahmudbəyov, Ə.Cəfərov, A.İsrafilbəyov, C.Cəbrayılbəyli, Ə.Haqverdiyev kimi çoxlu əqidə və məslək dostları var idi. Halil Fikrət 1926-cı ildə Bakıdakı ən birinci dövlət nəşriyyatında, Maarif Komissarlığına tabe olan nəşriyyatda -Azərnəşrdə “Tərbiyə və tədris tarixi” adlı ilk iri həcmli, 2 hissədən ibarət olan dərsliyini çap etdirmişdir. O, Bakıda üç il işləyəndən sonra Almaniyaya gedir, çox qısa bir müddətdən sonra 1927-ci ildə vətənə qayıdır, Konyada açılan Qazi Orta Müəllim Məktəbində müəllimlik edir. Bir müddətdən sonra bu məktəb Ankaraya köçürülür. Halil Fikretin təşəbbüsü ilə burada pedaqojı bölüm yaradılır və o, bu bölümdə işləyir. 1927-ci ildə Halil Fikrətin Ankarada ilk kitabı –”Coğrafiyanın tədris üsulu” çap olunur. “Coğrafiyanın tədris üsulu” kitabının materialları Azərbaycanda toplanmış və Türkiyəyə çapa hazır vəziyyətə gətirilmişdi. Bu kitabın yazılmasında Halil Fikretdən əvvəl türk dünyasında bir neçə coğrafiya dərsliyi yazan şamaxılı Qafur Rəşad Mirzəzadənin güclü təsiri olmuşdur.

..Mövzunun aydınlığı naminə deyilən bu qeydlərdən məlum olur ki, alman alimi Hans Stumme ilə yazdığı “Türkische Lesestoffe…” (“Türkiyə antologiyası”) kitabı məşhur Leipziq Universitetinin tələbəsi Halil Fikretin ilk əsəri deyil. Halil Fikretin 1916-cı ildən sonra da Hans Stumme ilə əməkdaşlıq etməsi güman edilir. Onun 1927-ci ilin əvvəllərində Bakıdan Almaniyaya qayıtması da bu fikrə rəvac verir.                        

Alman alimi Hans Stumme və türk aydını Halil Fikretin birgə yazdıqları “Türkische Lesestoffe” (“Türkiyə almanaxı”) kitabı haqqında indiyədək bu sətirlərin müəllifi və Haldun Cezayirlioğlundan başqa, türkologiyada tutalı bir söz deyilməmişdir. (Bəlkə də Almaniya və Türkiyə arxivlərində hələ də qatı açılmamış sənədlər var. Hər halda bu, ədəbi və elmi ictimaiyyətə məlum deyil).

Əsərin birinci səhifəsində alman dilində yazılmış ön sözdən – “Vorbemerkunq” dan– giriş və izahat xarakterli yazıdan məlum olur ki, müəlliflər kitabın yazılması və araya-ərsəyə gətirilməsində zəngin ədəbi və elmi mənbələrdən istifadə etmiş, faktları diqqətlə araşdıraraq, türk dili və ədəbiyyatını öyrənmək istəyən avropalılara çox gözəl bir hədiyyə bağışlamışlar.

  2-ci və 3-cü səhifələrdə o vaxtlar türk yazısında işlənən ərəb əlifbasının yazı sistemi, iki və dörd cür yazılan hərflərin yazı nümunələri və ayrı-ayrı səslərin qrafik işarəsi, hərflərin adı (elif,be, re, te, se, ğim, ha, dal, re, ze, sim…..sad, zad, lam, mim, nun, vav, je, lam-elif …, cəmi – 34) əyani şəkildə oxucuların diqqətinə çatdırılmışdır. Müəlliflər oxucuların oxu prosesindəki işini asanlaşdırmaq üçün cüt səhifələrdə (2, 4, 6, 8, 10, 12,14,16,18 və s) ərəb əlifbasından, təklərdə isə latın qrafikasından istifadə etmişlər. Ərəb qrafikalı xətlər, şübhəsiz ki, Halil Fikrətə məxsusdur).

4-cü səhifədə 16 cərgədə sözlərin hərflərlə ifadəsi göstərilmişdir. Buradakı 139 sözün hamısının latın qrafikalı yazılış forması sonrakı səhifədə 5-ci səhifədə yeni əlifba ilə təqdim olunmuşdur. Mənfəətdən xali olmadığı üçün onların bəzilərini sadalayırıq -baba, pak, tütün, tarla, baş, vadi, kartal, kar, yağ, bağ, corab, havi (əhatə edən- N.N.), padişah, topal, toparlaq, sora, fani, qatı, bulut, lale, lüle, mal, madam, maşa. 6-cı səhifədə qafiyə, omonim, paronim, sinonim kimi işlənə bilən sözlər 16 nömrə altında toplanmışdır. 7-ci səhifədə həmin sözlər latın qrafikası ilə təkrarlanmışdır. 8 və 9-cu səhifələrdə də leksik materialların ərəb və latın qrafikalı təqdimatı verilmişdir.

Kitabın 10 -cu səhifəsində “Zurub-i emsal” (zərbi məsəl- N.N. ) başlığı altında 16 nümunə verilmişdir. Bunların hamısı türk xalqları arasında geniş yayılmış, həyatın çətin sınaqlarından keçmiş nümunələrdir: “At ilə eşşək yarışamaz”, Adam odur ki, ikrarından dönməyə, “Az söyləmək çox söyləməkdən evladır” (daha yaxşıdır-N.N.),”Azı bilməyən çoxu heç bilməz”, “Yorğanına görə ayağını uzat”, “Dilin kemiyi (sümüyü-N.N.) yoxdur, amma kemiyi kırar”, “Yeməksiz qalmaq borc ilə kalmakdan eyidir”, Ya dəvə, ya dəvəçi” və s. 11-ci səhifədə bu materiallarin latın qrafikalı variantı verilmişdir. Kitabın 12-18-ci səhifələrində “Müxləlif lətifələr” başlığı altında müxtəlif yazılı və şifahi məxəzlərdən seçilmiş lətifələr toplanmışdır. Müəllilər daha çox əsl adı Əhməd olan tanınmış türk yazarı, şairi, egitimi, qəzetəçisi və xəttatı Faik Rəşadın (26 iyul 1851- 1914) 1328-cı ildə (hicri) Konstantinopolda çap etdirdiyi “Külliyyat-i–lətaif” əsərindən və Hoca Nəsrəddin lətifələrindən istifadə etmişlər. Təsəvvür yaratmaqdan ötrü onlardan bir neçəsini təqdim edirik:

   *Hastanın biri kendisini eyi eden bir doktora der ki, “doktor efendi, beni az zemanda eyi etdiyiniz içün size okadar medyun-i -şükranim ki, yaşadıkce oni bir dürlü ödeyemeyeceyim”. Hekim cevab olarak: “ödeyemeyeyek gibi deyil, efendim; hepsi yüz quruş-dur!” demiş.

   * Bir hasta adam karısına bir gün der ki: “aman, karı, odama , reca edirim, senden başka kimse girmesin, zira hastalığım sari ( yoluxucu-N.N.) və tehlikelidir”.            

    * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

      Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

      Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

      Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

 * Bir odada yatan iki arkadaş şu yolda bir muhawerede (danışıq, söhbət -N.N.) bulunmuşlar:

      Birinci arkadaş:yahu,bana bak”–İkinci: “ne var?”

      Birinci:uyuyormusun?” –Ikinci: “neden sordun?”

      Birinci:” bir para ödünc isteyecekdim!”—İkinci: (yorğanı başına çekerek):”uyuyorum,dostum!” cewabında bulunmuş.

   * Bir deyirmenci eşeyini önünə katmış gider imiş.Yolda köylünün biri buna rast gelüb: “böylə ikiniz nereye gidiyorsunuz?” deyince, degirmenci parmağıyle köylüyü göstererek:”üçümüz içün saman almağa gediyoruz “cevabını vermiş.    

12,14,16 və 18-ciı səhifələrdə ərəb əlifbası ilə yazılmış lətifələrin latın qrafikalı variantı verilmişdir.

   Kitabın 18-23-cü səhifələrində “Türkce şeirlər” ümumi başlığı altında 1908-ci ildə yazılmış “Ordu marşı”, 10 mani və “Yabanda bulunurum” adlı 32 misralıq iki hissəli bir şeir verilmişdir. Kitabdakı “Ordu marşı”nı müasir mətnlərlə müqayisə etmək üçün oxucu və tədqiqatçıların nəzərinə çatdırırıq. 

                                          Ordu marşı 
    

 

                                            1.Qrdumuz etdi yemin,

                                        titredi hak ü zemin,

                                        milleti etdi emin,

                                        açıldl rah-i-nevin.

                                                     ( Nakarat )

                                               sancağımız,şanımız,

                                        osmanlı ünvanımız,

                                        vatan bizim canımız,–

                                        feda olsun kanımız!

 

                                                 2. terki-i-aram eylədik,

                                                     cahd ü ikdam eyledik,

                                                    neşr-i-meram eyledik,

                                                     haqle kiyam eyledik.

 

                                            ( Nakarat )

 

                                                  3. osmanlı ahfadıyız ,(neveleriyik-N.N.)

                                          biz vatan evladıyız,

                                          milletin efradıyız,

                                          hürriyet eşhadıyız.

 

  “Manilər”dəki 10 şeirin hamısı klassik, ənənəvi bayatıarı xatırladır. Bunların bəzisinin müəllifli bayatı olması şübhəsizdir. Anlaşıqlı olmaq üçün bir neçəsini nümunə göstəririk:

                                             Bağa gitdim nar içün,

                                       gül kopardım yar içün;

                                       analar kız doğurmuş,

                                       deli-kanlılar içün

 

                                                           ***

                                               sabahdan sen kalkarsın,

                                        mektebe sen gidersin;

                                        meramın mekteb deyil;

                                       sen çapkınlık edersin!

                                                                ***

                                                  hey, güzel kız, gelmezler,

                                         seni bana vermezler;

                                         eyil bir yol öpeyim,

                                         karanlıkdır,gürmezler.

                                         

    İki hissədə –1 və 2 nömrə ilə verilmiş “Yabanda bulunurum” şeirində “Memleketimdən uzağım, yabanda bulunurum” misraları 32 misralıq bu əsərdə 3 dəfə təkrar olunur. Şeir türk ədəbiyyatında “Qürbət türkiləri” adı ilə tanınan janrın ən gözəl nümunələrindən biri kimi qiymətləndirilə bilər:

                                             Ah ,o kızıl güllerinin 

                                             kokusu bana esse,-

                                      ah, beyaz camilerinin

                                      buhuru (ətri- N.N. ) bana gelse!

 

                                      lakin buraya gelemez

                                       senden ol şirin koku,

                                      zira denizlere sürer

                                      ruzgarların ordusu.

      

     Əsərin 24-cü səhifəsində gənc bir çocuğun dilindən söylənilən “Tərbiyəli bir qitə” adlı həyat proqramı–manifest səpkili maraqlı bir yazı yerləşdirilmişdir. Ərəb əlifbalı səhifədə başlıq göstərilməsə də, 25-ci səhifədə – latın qrafikalı variantda bu, aydın yazılmışdır. ”Tərbiyəli bir qitə”nin müəllifi əsl adı Ömər olan, “Tərcümani-həqiqət”, “Səadət”, “Bakıt” qəzetlərində müxbirlik, Qalatasaray Liseyində və “Məktəb-i-hüquq”da ədəbiyyat müəllimi işləyən, türk ədəbiyyatında Müəllim Naci (1850-1893) kimi tanınan söz ustasıdır. Şair Müəllim Naci “Ateşpare”, ”Şerare”, ”Füruzan” və sair şeir kitablarının müəllifidir. O, ərəb, fars və frasız dillərindən çoxlu tərcümələr etmişdir. Ölümündən sonra “Yadigar-i-Naci” kitabı çap edilmişdir. Onun “Ömərin çocuqluğu” kitabı avtobioqrafik səciyyə daşıyır. Kitabda Ömərin çocuqluq həyatının ağrılı-acılı səkkiz ili öz əksini tapmışdır. 

Haqqında geniş söhbət açılan kitabdakı “Tərbiyəli bir qitə”, “Ön söz”də yazıldığına görə Müəllim Nacinin “Təlimlül-qiraət” (oxu təlimi-N.N.) əsərindəndir. “Oxu təlimi ” kitabınıın Türkiyədə necə təbliğ olunmasını öyrənmək çox maraqlı görünür.

 “Tərbiyəli bir qitə”nin mütaliəsi elmə, təhsilə, ətraf mühitin öyrənilməsinə can atan çocuğun işıqlı fikirləri kimi çox maraqlıdır: “Derslerimi dıkkatla okursam, hatırımda kalır, unutmam. Okuduklarımı belledikce fikrim açılır, gitddikce məlumatım artar. Tenbel, itaetsiz olan çocuklar hiç bir şey öyrenemezler, cahil kalırlar. Ben oyle tenbel, itaetsiz çocuqlardan deyilim. Ben çalışacağım, öyreneceyim, cahil kalmayacağım”.

  Yeri gəlmişkə qeyd edək ki, Müəllim Naci XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan məktəblərində müəllimlərin ən çox müraciət etdikləri türkdilli şairlərdəndir. Müəllim Nacinin əsərləri bu gün də əxlaqi-tərbiyəvi ideyalarına görə diqqəti cəlb edir. Əsərinin sonuncu materialı 27-31-ci səhifələrində çap olunan “Çanak-kaladan bir türk askerinin mektubu”dur. Bu, epistolyar üslubda yazılmış, dünya ədəbiyyatında, bəlkə də, analoqu olmayan bədii nəsr nümunəsidir. Məktub Birinci Cahan müharibəsində Çanaqqala uğrunda ölüm-dirim vuruşunda Vətənin müstəqilliyi uğrunda mübarizə aparan Mustafa adlı bir gəncin 18 kanun evvəl 1915-ci ildə Anafortadan anasına yazdığı təsirli bir məktubdur. Burada müharibə səhnələrinin bir sıra dəhşətli məqamlarından söz açılır. Məktubda anasının, karısının, oğlu Osmanın həyatı naminə özünü fəda eməyə hazır olan, ölümü gözləri ilə görən, yağı düşmənin ağır zərbəsini dadan, hələ həyatdan doymayan vətən əsgərinin düşmənlə barışmazlığı, ölümü ilə yaxınlarını ağladacaq və ağrıdacaq məqamlar göz önünə gətirilir. Mustafa onunla bir cəbhədə işğalçı düşmənə qarşı vuruşan, dostluqda sədaqətli və dəyanətli olan bir alman əsgərinin təmənnasız köməyi ilə sağ qalır.

Gənc türk əskəri Mıstafanın harayı, müharibələrə dərin nifrəti əsərdə ustalıqla qələmə alınmışdır. İstanbul xəstəxanasında müalicədən sonra yenidən cəbhəyə gedəcəyini qəti qərara alan Mustafa anasına məktubunu bu sözlərlə qurtarir: “Şayəd ileride şehid olursam, karımı, oğlum Osmanı ve seni Allaha emanet ediyorum. Benim içün hiç ğam yemeyiniz. Vatanımızı, milletimizi və dinimizi kurtarmak içün burada şan və namus meydanında düşmenle çarpışmak ve icab ederse (lazım gələrsə N.N. ), ölmek sen da bilirsin ki, bizim için en mukaddes bir vazifedir. Ve Allah-i-təala bunu bize Kuran-i-kerimde bir çok defa emr eylemişdir. Bu defalık senin ellerinden ve karımım, oğlumun da gözlerinden öperim, sevgili anacığım!

                                                                        Oğlun Mustafa”.

    Anaya müraciətlə başlayan məktub Məhəmməd Peyğəmbərin müqəddəs adlarından biri ilə qurtarır.

         P.S.Yazını hazırlayarkən texniki cəhətdən mənə kömək etdikləri üçün AVROPA AZƏRBAYCAN MƏKTƏBİNİN  psixoloqu, sonralar ADA-ya yüksək vəzifəyə təyinat alan Zöhrə müəllimə, şagirdlərə ingilis dilini ingilisdən yaxşı öyrədən  Aysel müəllimə, fizika müəlimi Kəmalə xanıma, ixtisasca riyaziyyatçı olan şahmat ustası Rəhim müəllimə öz dərin təşəkkürlərimi bildirirəm. Sağ olsunlar, var olsunlar.”

 

                      İstifadə olunmuş ədəbiyyat

           1.Hans Stumme Halil Fikret .  Türkische Lesestoffe Handschrift im Ryka -Charakter…
               Leipziq, OTTO Harrassowitz.1916.

         2.Nazim Nasreddinov. Dr.Halil Fikret ten;Türkçe okuma Parçaları.04 aralık 2011.
            “Haldun Cezayirlioğlu   Koleksyonu”.
        
        3.Haldun Cezayirlioğlu.  Türkçe, LatınHarfleriyle ilk kez 1916 Yılında mı yazıldı? 06 aralık  2011. 
            “Haldun Cezayirlioğlu Koleksiyonu “.

         4.Nazim Nasreddinov. Yenə də Halil Fikret,yene de Türkische Lesestoffe,yene  de Hans Stumme. 
            07 aralık 2011.  “Haldun Cezayirlioğlu Koleksiyonu”.

        5.Nazim Nəsrəddinov. Kim kimdir? (Türk dünyasınınilk psixologiya doktoru Xəlil Fikrət 
               və yaxud   babalarımızın müəllimi). “Strategiya.az ” saytı,   20.11.2012. 

        6. “Ziya”(1879-1884)  qəzeti,Tiflis.  

                                                   

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate