HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5031 İçerik Bulunuyor.

SON DAKİKA

Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu

30 Kasım 2017 - 177 views kez okunmuş
Ana Sayfa » Genel»Təlim və tərbiyə prosesində elmi araşdırmaların rolu
Təlim  və tərbiyə prosesində elmi araşdırmaların  rolu

Təlim  və tərbiyə prosesində elmi araşdırmaların  rolu

Açar  sözlər- araşdırma, öğrətmen, yaradıcılıq, məkteb,fənlərarası əlaqə

  Dünyanın bir çox ölkələrində oğrətmən egitiminde, təlim və   tədris  prosesində  araşdırmalar daima diqqət mərkəzinde olmusdur. Bu da təbiidir. Keçilən mövzu llə ilgili materiallar  araşdıcılıq  yolu ilə  gündəmə gətirilməli , şagirdlərin  diqqətinə yönəldilməlidir.Təcrübə göstərir ki, ən yaxşı müəllimlər elmi yaradıcılıqla məşğul olan , dərslərini  elmi axtarışlar əsasında quran müəllimlərdir. Bu fikrin təsdiqi kimi Azərbaycanın və Türkiyənin bir neçə müəlliminin yaradıcı işindən söz açmaq istərdim.

  Görkəmli Azərbaycan şairi S.Ə.Şirvani (1835-1888) XIX əsrin ortalarında ali dini təhsil almış müəllimlərdəndir.Aldığı dini təhsilə görə o, dini vəzifələrdə işləyə bilərdi.  Lakin S.Ə.Şirvani doğma şəhərində – Bakıdan əvvəl Azərbaycanın paytaxtı – baş şəhəri olan  Şamaxıda müəllimlik etmək qərarına gəlir: əvvəlcə məhələ məktəbində, sonra isə dini idarələrin açdığı, Azərbaycanın eğitim tarixində “Məclis məktəbi” kimi tanınan ,1874-cü ildə şəhərin Şıxzərli məhəlləsində açılan məktəbdə ana dili və şəriətdən  dərs deyir.

1877-ci ildə Seyid Əzim Şirvanini yaxşı müəllim kimi Şamaxıdakı dövlət məktəbinə də  işləməyə dəvət edirlər. Bu illərdə S.Ə.Şirvaninin şöhrəti yaşadığı şəhərdən uzaqlara yayılmışdı. O, 300-dən artıq  şairin əsərlərindən ibarət olan nümunəvi bir təzkirə yaratmışdı, Bakıda Azərbaycan dilində nəşr olunan “Əkinçi” (1875-1877) adlı  qəzetin əsas müxbirlərindən biri idi, Şirvanın tarixinə aid elmi məqalə yazmışdı. (1). Ən yaxşı müəllimlərə xas olan  maraqlı  cəhət bu idi ki, S.Ə.Şirvani dediyi dərslərin materialları əsasında  “Rəbiül-ətfal” (Uşaqların baharı)  adlı mükəmməl bir dərslik hazırlamışdı. Heç də təsadii deyil ki, S.Ə.Şirvaninin müəllimlik fəaliyyəti dövlət səviyyəsində qiymətləndirilmişdi:  o, tədris sahəsindəki fəaliyyətinə görə “Za yserdiye” (Fəallığına görə) gümüş medal  ilə təltif olunmuşdu (2 ,səh 3-25).

   S.Ə.Şirvani türk ədəbiyatını yaxşı bilən şairlərdən idi,  ərəb və fars dillərini şeir yazmaq dərəcəsində bilirdi. Onun farsca şeirlər divanı türk şeirlər divanından heç də geri qalmırdı.  S.Ə.Şirvani maarifçılık mövzusunda  yazdığı  şeirlərində də, satirik ruhlu mənzumələrində də, Şərq ədəbiyyatında nəsihətçilik təriqli şeirləri ilə daha çox tanınan,  məşhur olan türk şairi Güvahidən faydalanmışdır. Seyid Əzim Şirvani  Azərbaycan şairləri cərgəsində  ən yaxşı  qəzəl, nəsihətnamə və öyüdnamə yazanların birincisi idi, doğru yol göstərəni  idi.

   S.Ə.Şirvanini  həm şair, həm də müəllim kimi tanıdan , tarixdə yaşadan onun araşdırıcılığı,elmi tədqiqatı başlıca  meyar  hesab etməsi idi.

    Azərbaycan eğitim tarixində elmi və metodiki axtarışları ilə məşhur olan  müəllimlərdən biri də Rəşid bəy Əfəndizadədir.  Rəşid bəy Əfəndizadə (1863-1942)  dünyaya göz açandan evdə kitab-dəftər görən ziyalılardan biridir. O,  yaxşı müəllimlərdən yaxşı təhsil almışdı.   R.Əfəndizadənin  söz ustası və müəllim kimi  pərvazlanmasında atası –  Nuxa (Şəki) şəhərinin qazisi  İsmayıl Əfəndi Hacı Çələbi Əfəndizadə , babası-“Nafe” təxəllüsü ilə şeirlər yazan məşhur müdərris  Hacı Mahmud Əfəndi  ,  dayısı İmam Cümə Əfəndi Həsən Əfəndi oğlu ,  Azərbaycan ədəbiyyatında dramatik növün, povest janrının əsasını qoyan  filosof  M.F.Axundzadə (1812-1878)   mühüm rol oynamışlar.

    Rəşid bəy Əfəndizadə Gürcüstanın Qori şəhərində açılmış Zaqafqaziya Müəllimlər Seminariyasının ilk məzunlarından biridir. O, müəllimlik fəaliyyətinə 1882-ci il avqustun 1-də başlamışdır(1,6).

    R.Əfəndizadə “Şaki” təxəllüsü ilə şeirlər yazmış, dövri mətbuatda maraqlı yazılarla,risalələrlə  çıxış etmiş,qadınların yaxşı təhsil almaları üçün geniş və səmərəli fəaliyyət göstərmişdir.(7). O, uzun müddət türkdilli yerlərdəki məktəblərdə  tədris olunan bir neçə dərsliyin  müəllifidir.

   R.Əfəndizadənin iki dərsliyi Türkiyədə çap olunmuşdur.Bu işdə ona müxtəlif vaxtlarda üç dəfə Türkiyənin maarif naziri olmuş Münif Əfəndinin qayğı göstərməsi  güman  edilir.

Münif Əfəndi Azərbaycan ziyalıları ilə sıxı əlaqələr saxlayan böyük  türklərdəndir.O, 1882-ci ildə  “Ziyayi- Qafqasiyyə” qəzetində  bu mətbu orqanın redaktoru və naşiri Səid Əfəndi Ünsizadənin  ezop manerası ilə açdığı “Ey bülbül”  adlı şeir müsabiqəsinin təşkilatçılarından biridir.  Münif Əfəndi  M.F.Axundzadə , Zaqafqaziya müftisi  Şamaxılı Əbdülhəmid Əfəndizadə və  Həsən bəy Zərdabinin də yaxından tanıdıqları məslək və əqidə dostlarından biri idi.(8 ,N 15,)

   R.Əfəndizadənin dərsliyinin  Türkiyədə çap edilməsi ideyası da buradan gəlir. R.Əfəndizadə öz dərsliklərini   Ruhani İdarəsində katib işlədiyi  Tiflis şəhərində də çap etdirə bilərdi.O vaxtlar  Tiflisdə Ünsizadə qardaşlarının Azərbaycan dilli mükəmməl mətbəələri var idi. Buradakı mətbəə avadanlıqlarının çoxu, yazı şiriftləri Türkiyədən gətirilmişdi. Lakin R.Əfəndizadə başqa variantı seçir: o, İstanbula-mətbələri ilə məşhur olan Babəli caddəsinə üz tutmağı qərara alır.

   Tiflisdə Əhli-Təsənni Ruhani İdarəsində katib işləyərkən R.Əfəndizadə İdarənin nəzdindəki məktəbdə müxtəlif fənlərdən dərs deyir,  məktəb işindən uzaqlaşmır.  İki yerdə işləməsinin, əlbəttə,əsas səbəbi  ailəsinin maddi vəziyyəti ilə əlaqədar idi.  Bu cəhətdən R.Əfəndizadənin 1898-ci il aprelin 4-də müfti Molla Hüseyn Əfəndi Qayıbova yazdığı ərizə maraq doğurur. Ərizəçi ayda 34 manat

29 qəpik əmək haqqı aldığını, 6 nəfərlik ailəsini güclə dolandırdığını ürək ağrısı il bildirir, vacib həyati şəraitini yaxşılaşdırmaqdan ötrü müftidən qayğı umur.Ərizədə R.Əfəndizadənin  ilk dərsliyinin tarixi məqamları haqqında maraqlı  məlumatlar  vardır.  
   R.Əfəndizadə yazırdı:

” Maddi vəziyyətimi yaxşılaşdırmaqdan ötrü hələ Xalq Maarif sistemində işlədiyim illərdə tərtib etdiyim  əlifba kitabçasını  nəşr etmək qərarına gəlmişəm…10 il müddətində müntəzəm olaraq dərs planı tutmuş, dil öyrətmək sahəsində parlaq nəticələr qazanmışam. Senzor Komitəsinin icazəsi ilə bu əsəri (“Uşaq bağçası” dərsliyi nəzərdə tutulur-N.N.) ərəb əlifbasının kolleqrafiya qaydaları ilə çap etdirməkdən ötrü Türkiyəyə-Konstantinopol şəhərinə göndərmişəm .İndi Konstantinopolda Azərbaycan dilini kamil bilən adam olmadığından tipoqrafiyanın rəhbərləri  dərsliyin düzgün korrektə  olunacağına zəmanət vermir. Odur ki, dərsliyi  korrektə etmək üçün Konstantinopola getmək istəyirəm” .

 

    R.Əfəndizadə ərizəsinin sonunda  səfərlə əlaqədar olaraq,ona iki aylıq maaşı ödənilməklə məzuniyyət verilməsini xahiş edir.
(4 , vərəq 3-9)

    Zaqafqaziya müftisi  M.H.Qayıbovun   18 may 1898-ci il tarixli 770 nömrəli təliqəsinə əsasən, R.Əfəndizadəyə Konstantinopola getmək üçün iki aylıq məzuniyyət pulu və  xarici pasport verilir.

    R.Əfəndizadənin “Uşaq bağçası” dərsliyi 1898-ci ildə (1316 -cı sənəyi-islamiyyə) İVANAKİ PƏNAYOTİDİSİN  İstambulun(dərslikdə İSTAMBUL yazılıb- N.N.) BABƏLİ caddəsindəki 38 nömrəli mətbəəsində çap edilmişdir.

Yeri gəlmişkən qeyd edək ki,”Uşaq bağçasının çapına hələ 29 fevral 1896-cı ildə Tiflisdə Senzor Komitısi tərəfindən icazə verilmişdi. (5,vərəq 3-13)

   Dərsliyin təlim sistemindəki rolunu vurğulayan müəllif “Savadsız adam bir ayda oxuyur  və yazır” sözlərini yazmaqla  şagirdləri maarifləndirməyə səfərbər edir. Arxiv sənədlərindəki variantından ( soyadının ” Rəşid bəy Əfəndiyev “kimi yazılmasından -N.N.) fəfrqli olaraq, dərslikdə müəllifin soyadı Rəşid bəy Əfəndizadə kimi göstərilir (5).

    Dərslikdəki qeydlərdən öyrənirik ki, Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbov və Zaqafqaziya şeyxülislamı Axund Əbdüssəlam  Axundzadə (onların hər ikisi Qoridəki Zaqafqaziya Müəllimlər Seminariyasının ilk müəllimləri olmuşdur) bu dərsliyin  ibtidai məktəblərdə  istifadə olunmasını  faydalı hesab etmişlər (9).

    Dərsliyin tərtibindən hiss olunur ki, R.Əfəndizadə proqram materiallarına yaradıcı şəkildə yanaşmış,dərsliyin materiallarını  nəzəri və elmi-metodik cəhətdən  düzgün əlaqələndirə bilmişdir.Müəllif dərsliyin materiallarını 27 dərs saatı ərzində öyrənməyi  lazım bilmişdir.

   Dərsliyin şagirdlərin mütaliə dairəsini genişləndirməyə xidmət edən  hissəsindəki materiallar  70 başlıq altında yerləşdirilmişdir. Bu materialların cərgəsində  dünyanı dolaşan təmsillər və sərgərdan mövzularda  olan  seirlər,   islam dininin və peyğəmbərlərin tərifi, fəsillər haqqında düşündürücü yazılar və bədii təfəkkür nümunələri əsas yer tutmuşdur.

   Dərsliyin üçüncü fəqərəsindəki  16 yarımbaşlıq altında verilən materialların çoxu nəzmlə yazılmışdır. “Tülkü və Qaraquş”, “Çaqqal”, “Kor kişi”,  “Qardaş və bacı”,  “Sədaqət”, “Məktəbə dəvət” (bu şeir görkəmli rus pedaqoqu L.Modzalevskinin yazdığı mənzuməyə nəzirədir-N.N.),   “Vəsfi-məktəb” dərsliyi dəyərləndirən materiallardandır.

    R.Əfəndizadənin  “Uşaq bağçası” bir neçə dəfə nəşr olunmuş, sonrakı dərsliklərin baza məktəbinə çevrilmişdir.(7).

    R.Əfəndizadə 1901-ci ildə “Bəsirətül-ətfal” adlandırdığı  ikinci dərsliyini Bakı  Quberniya İdarəsinin mətbəəsində çap etdirir. 

206 səhifəlik bu əsər   də müəllim və şagirdlərin elmi bə bədii zövqünün formalaşmasında əhəmiyyətli rol oynayır.  Dərslikdəki materialların çoxu müəllifin  özünün yazdığı bədii nümunələrdir. Dərslikdəki rus ədəbiyyatından tərcümə olunmuş bədii nümunələr də R.Əfəndizadəyə aiddir.

    R.Əfəndizadənin İstanbulda 1907-ci ildə çap olunan  ikinci kitabı da “Bəsirətül-ətfal” adlanır.      Bakıda 1901-ci  ildə çap olunmuş “Bəsirətül-ətfal” dan fərqli  olaraq, bu dərslik  müsəvvərdir(şəkillidir). Dərslikdə məşhur rus rəssamı  V.A.Taburinin illüstrasiyalarından istifadə olunmuşdur. Bu illüstrasiyalar ilk dəfə rus yazıçısı və aktyoru  L.A.Çarskayanın  1902-ci ildə  Peterburqda nəşr etdirdiyi “Tələbə qızın gündəliyi” əsərində işıq üzü görmüşdür. Dərsliyin üz  qabığındakı şəkildə zəmanəsinin tanınmış riyaziyyat müəllimi   Qriqori  Porden (tələbə qızlar onu özlərinə yaxın bilib ” Qri-Qri dayı ”  adlandırırdılar) dərs dediyi tələbə qızların əhatəsində  verilmişdir. Müəllim – şagird münasibətlərini öyrənmək baxımından bu şəkil maraqlı   görünür.

    R.Əfəndiyevin İstanbul “Bəsirətül-ətfal”ı   İstanbulun  Babəli caddəsində 72 nömrəli  binada yerləşən  Mahmud bəy mətbəəsində çap olunmuşdur.  Həcmi 128 səhifədir. Rəşid bəy Əfəndizadənin bundan əvvəlki iki dərsliyi kimi bu  tədris kitabı da  kitab nəşri  tariximizdə layiqli yer tutur.

    XIX əsrin II yarısından başlayaraq   Azərbaycan-Türkiyə  arasında ədəbi, elmi  və eğitim əlaqələrinin genişlənməsində  müxtəlif  növ məktəblərdə çalışan  digər müəlimlər–Bakı Real Məktəbinin  müəllimi, “Əkinçi” qəzetinin redaktoru Həsən vəy Məlikov (Zərdabi),”Ziya” qəzetinin redaktoru, əvvəllər Şamaxıda  müəllim və qazı işləyən Səid Əfəndi   Ünsizadə,  “Şərqi-Rus” qəetinin redaktoru  Məhəmməd ağa Şahtaxtinski, İstanbul Universitetinin məzunu Cavid Əfəndi  Rasizadə (Hüseyn Cavid),  “Molla Nəsrəddin” jurnalının əməkdaşlarından – M.Ə.Sabir, Ə.Haqverdiyev və başqaları misilsiz   xidmətlər göstərmişlər. Onların yaradıcı  fəaliyyəti bugünkü müəllimlərə  gözəl  nümunədir.

Ölkəmizin  tarixi, adət -ənənələri , etnoqrafiyası, ədəbi dili,    pedaqoji mətbuatı  və  egitim siyasəti ilə  ilgili olan  digər  məsələlərinin  həlli yolunda   hələ görülməyən işlərimiz  çoxdur. Bu məsələlərin həllində müəllimləri qüvvəsi səfərbər olunmalı, onların yaradıcılıq axtarışlarına  qayğı və sayğı  daha da artırılmalıdır.

Xülasə

Məqalədə öğretmen  egitimində  araşdırmaların rolu, bu istiqamətdə bu gün üçün önəmli məsələlərdən söz açılır, yaradıcı müəllimlərin diqqəti  Azərbaycan – Türkiyə arasında  eğitim siyasəti, pedaqoji mətbuat, dərslik siyasəti  kimi vacib olan  proqram xarakterli  işlərin görülməsinə cəlb edilir.

           Resume

  The article is about  the importance of investigation in teaching and the role  of Azerbaijan  teachers  in this project.

                                                 Qaynaqlar       (İstifadə olunmuş  ədəbiyat )

        1.S.Ə.Şirvani.Seçilmiş əsərləri, Bakı,1967, səh.16-19.

        2.Rəşid bəy Əfəndizadə.Uşaq bağçası, Konstantinopol,1898.

        3.Rəşid bəy Əfəndiyev,”Bəsirətül-ətfal”,Bakı,1901.

        4.Rəşid bəy Əfəndiye.”  Bəsirətül-ətfal.,İstanbul,1907.

        5. Rəşid bəy  Əfəndiyev. Seçilmiş əsərləri. Bakı, Şərq-Qərb, səh.3.

      

       6.Həmid Məmmədzadə. Mirzə Fətəli Axundov və Şərq.Bakı,1971, səh.124.

       7. ARDTA   – Azərbaycan  Respublikasının Dövlət Tarix Arxivi.    Fond  291,siyahı 5,saxlamavahidi 2497,  vərəq1-7

       8.  ARDTA.     Fond 291,siyahı,4, saxlama vahidi 2293, vərəq 3-9.

       9.ARDTA.   Fond 291, siyahı 45, saxlama vahidi 2884, vərəq 3-13.

     10. “Ziyayi-Qafqasiyyə” qəzeti,  N 15  ,5 may 1882–ci il.

      11. “İşıq” qəzeti , 1912-ci il , N 9

    

 Əlaqə  050 632 31 49

R.Əfəndizadə.Bəsirətül-ətfal dərsliyi,İstanbul,1907.

https://encrypted-tbn0.gstatic.com/images?q=tbn:ANd9GcQljhmFwtVu6r_S3C1eMUUOXsJCNZkD63QhCXXdxIMAfn2ea5PT 

NazimNəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi.

nazim-nasreddinov@mail.ru

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate