HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5576 İçerik Bulunuyor.

SON DAKİKA

Rusiya II Dövlət Dumasının türkdilli deputatlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü-Mustafa Hacı Musa oğlu Mahmudov (1878,Kürdəmir – 20.12.1937,Bakı)

11 Mayıs 2018 - 156 views kez okunmuş
Ana Sayfa » Genel»Rusiya II Dövlət Dumasının türkdilli deputatlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü-Mustafa Hacı Musa oğlu Mahmudov (1878,Kürdəmir – 20.12.1937,Bakı)
Rusiya II Dövlət Dumasının türkdilli deputatlarından biri, Azərbaycan Xalq Cümhuriyyətinin hələ yaxşı tanımadığımız parlament üzvü-Mustafa Hacı Musa oğlu Mahmudov (1878,Kürdəmir – 20.12.1937,Bakı)

Açar sözlər- deputat,parlament üzvü,  II Dövlət Duması, AXC  üzvü,  Zaqafqaziya Müəllimlər Seminariyası, məqalələr toplusu, məktəb və maarif məsələləri, Kürdəmirin kəbd  məktəbi, “Mücahid  ” jurnalı, 
Ziya Bünyadov, “Yeddi möhür arxasında” kitabı,II Dövlət Dumasının türkdilli deputatlarından biri

Arxiv və kitabxanalarda   II Dövlət Dumasının türkdilli deputatlarından biri olan Kürdəmirli M.Mahmudov haqqında tədqiqatçılar üçün tutarlı faktlarla zəngin olan sənədlər  çoxdur. Bu məqsədlə tarix elmləri doktoru D.B.Seyidzadənin “Rusiya Dövlət Dumasında Azərbaycan deputatları “ monaqrafiyasına istinad edərək , Zaqafqaziya Seyminin müsəlman  deputatlarına aid sənədlərdə, eləsə də Azərbaycan Xalq Cümhuriyyətinin  materiallada M.Mahmudovun II Dövlət Dumasının  deputatı,  Zaqafqaziya Syminin üzvü  və AXC-nin  parlament üzvü kimi  fəaliyyətini geniş və hərtərəfli   işıqlandırmaq olardı.

Mustafa Mahmudov haqqında görkəmli türkoloq alim Əhməd Cəfəroğlunun Türkiyədə  1962-ci ildə “Mücahid” jurnalının 45-46-cı nömrəsində çap olunmuş  məqaləsi də    mövzuya fərqli yanaşmasıına görə diqqəti cəlb edir.

Təəssüf ki,Əhməd Cəfəroğlunun yaxşı niyyətlə yazdığı bu məqalədə bir sıra faktlar dolaşdırıldlğına görə ondan istinad materialı mkimi istifadə etmək düzgün deyil.

1992-ci ildə Bakıda “Şərq-Qərb” nəşriyyatının iki dildə-Azərbaycan və rus dillərində “Yeddi möhür arxasında” adı ilə   rus dilində çap etdiyi məqalələr toplusunda Mustafa Mahmudov haqqında maraqlı faktlar işıqlandırılmışdır.Təəssüf ki, məqalə müəllifi  Məmməd Cəfərovun “Müəllim”  məqaləsində M.Mahmudovun həyatının  ancaq son illərinə aid maraqlı faktlarla zəngin materiallardan istifadə etmişdir. 

Bu sətirlərin müəllifi də 1990-cı illərin əvvəllərindən başlayaraq,  M.Mahmudov haqqında  Azərbaycan və  rus dillərində yazdığı bir neşə yazısını    ” Xalq qəzeti”,  “Azərbaycan müəllimi”, “Bakı”  və  “Baku” qəzetlərində çap etdirmişdirş. Müəllif bu mövzuda  bir neçə yazısı  “Strateyiya.az”,  “Davam.az”  kimi geniş oxucu kütləsi olan saytlarında  yayımlanmışdır. Müəllifin rus və Azərbaycan dillərində yazdğı bir neçə yazısını Azərbaycan, rus və türkdilli oxuculara ünvanlamışdır.

 Azərbaycan Respblikası Dövlət Tarix  Arxivinin  ( AR DTA) 2802  və 309-cu fondlarında M.Mahmudovun   1920-ci  ilədək   keçdiyi həyat yolunu işıqlandıran şoxlu materialllar saxlanılır.İndiyədək bu materiallar xüsusi tədqiqat obyekti kimi,demək olar ki,araşdırılmayıb.

M.Mahmudov haqqında onun  əməkdalıq etdiyi “İrşad” qəzetində də,  Bakıda rus dilində çıxan   qəzetlərində də maraqlı materiallara rast gəlinir.Bu qəzet informasiyaları M.Mahmudovun xeyriyyə   tədbirlərindəki iştirakı və II Dövlət Dumasına keçirilən seçkilər haqqındadır.Qəzet materialları arasında yəqin ki,daha ciddi araşdırmalara səbəb  ola biləcək digər materiallar da  vardır.

Mustafa Hacı Musa oğlu Mahmudov 1878-ci ildə Bakı quberniyasının Göyçay  qəzasının (uezdinin) Kürdəmir kəndində (indiki Köhnəbazar kəndində-N.N.) anadan olmuşdur.

Mustafa Mahmudov İlk təhsilini,    əsası 1881-ci il fevralın 9-da qoyulmuş Kürdəmir  kənd məktəbində almış,sonra bir necə il Göyçay qəza məktəbində oxumuşdur.O, sonrakı təhsilini  Qori şəhərində yerləşən Zaqafqaziya Müəllimlər Seminariyasında  davam etdirmiş,1899-cu ildə seminariyanın müsəlman  şöbəsini bitirmişdir(309,1-3).

Gənc müəllimin təyinatını Elizavetpol  quberniyası Nuxa qəzasının Vəndam kəndinə (İndi Qəbələ rayonuna aiddir-N.N.) versələr də, (309,1-2),  o, kənd məktəbi təyinatını  şəhər məktəbinə  dəyişdirə bilmişdir.

Bakı Quberniyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsində təşkil olunmuş qəbul imtahanlarında  aparıcı komissiya üzvləri kimi iştirak edən  H.Məlikov (Həsən bəy Zərdabi- N.N.) və Ə.Topçubaşov gənc seminaristin elmi və pedaqoji ustalığını yüksək qiymətləndirmiş, M.Mahmudovun  təyinatının neft və milyonlar şəhərinə- Bakıya dəyişdirməsinə şərait yaratmışlar (309,3).

M.Mahmudovun Bakı  Qubernyası və Dağıstan Vilayəti Xalq Məktəblər İdarəsinə  yazdığı məktubunda təyinat dəyişilməsinin məqsədi aydın 

göstərilmişdir (309,  1-2).Bu,hər nəsnədən əvvəl  onun məktub yazdığı vəzifə sahibinin rəhbərliyi altında işləmək istəyindən irəli gəlirdi.

Beləliklə,M.Mahmudovun Bakıda işləmək niyyəti baş tutur.Onu- Qori Müəllimlər Seminariyasının 1899-cu il məzununu, 1605 nömrəli   attestatın sahibini   illik əmək haqqı 675 manat olmaqla, Bakıdakı 3-cü rus -tatar məktəbinə müəllim vəzifəsinə təyin edirlər. 1904-cü il setyabrın 15-də M.Mahmudovun öz xahişi ilə onu S.M.Qəniyevin   başçılıq etdiyi 2-ci rus-tatar məktəbinə işləməyə dəvət  edirlər.Burada oxuyan şagirdlərin  sonralar ölkənin ictimai siyasi həyatında şərəfli yer tutmalarında     bu məktəbin direktoru S.M.Qəniyevin  və aparıcı müəllimlərin  böyük rolu danılmazdır. Belə şagirdlərdənbiri də M.Ə.Rəsulzadə idi.

1903-cü ildə M.Mahmudovun  həyatında  ağır anlar yaşanır. Böyük qardaşı Kürdəmirdə vəfat edir.Həm  özünün, həm də  vəfat etmiş qardaşının başsız qalmış  ailəsinin güzəranı pisləşir.Qardaşının yetim qalmış üç övladının, eləcə də dörd nəfərlik öz ailəsinin  ( özü, arvadı, qızı və 3 ildən çox onlarda məskuunlaşan bacısı oğlunun)   da bütün ailə-məişət qayğıları  adi bir ibtidai sinif müəlliminin üzərinə düşür.

M.Mahmudov hökumət dairələrinə məktub yazaraq onlardan yardım istəyir.(2802,13).

M.Mahmudovun həyat salnaməsini izləmək üçün onun Bakı Duması Tədris Komissiyasının sədrinə ünvanlanan bir məktubu qiqqəti cəlb edir.O,  bu məktubunda  şəhərdə  1-ci  rus-tatar  məktəbində  boş iş yeinə     (vakant iş yeri ) – direktorlıq  vəzifəsinə keçməyə hazır olduğunu bildirir.

M.Mahmudov bu iş üçün lazımlı  xüsusiyyətlərə  malik olduğunu bildirməkdən çəkinmir:

“Mənim pedaqoji fəaliyyətim haqqında Bakı Quberniyası-Dağıstan Vilayəti Direktorlu   və İnspektoru (Müfəttişi) cənabları,  II rus-tatar(köhnə III rus-tatar) məktəbinn direktoru Q.Əfəndyev (mən bu məktəbdə beş il işləmişəm ),indi işlədiyim 2 sinifli məktəbin direktoru Qəniyev cənabları, tədris komissiyasının üzvləri -Həsən bəy Məlikov,Ə.M.Topçubaşov(mən onlara 1899-cü ildə  qəbul zamanı imtahan verib şəhər məktəblərində müəllim vəzifəsinə təyin olunmuşam. zəmanət verə bilərlər”

( F.2802,14).

Əlbəttə,belə tanışları olan şəxsi heç kəs  təhsildən uяaqda saxlaya bilməzdi.

Bu məktubdan bir neçə ay sonra   Bakı Şəhər İkisinifli Məktəbinin direktoru ona yuxarı dairələrdən  verilən   sorğunu belə cavablandırırdı:

“Böyük qürur hissi ilə bildirirəm ki,M.Mahmudov yaxşı və əməksevər müəllimlərdənbiridir”( F.2802, 16).

1907-ci il fevralın 6-da M.Mahmudov II Dövlət Dumasına deputat seçilir.O, bu məqsadlə deputatlıq müddətində iş yerindən uzaqlaşmalı olur (F.2802,19-20).

M.Mahmudov II Dıvlət Dumasının işində maraqlı  çıxışları ilə yadda qalan,  rus dilini öz ana dili kimi yaxşı bilən ən fəal  türkdilli deputatlardan biri idi.

D.Seyidzadənin yazdığına görə, M.Mahmudov Rusiya  II Dövlət  Dumasının  9 şöbəsinin ,

4 komissiyasının üzvü olmuşdur(11.səh.54).

M.Mahmudovun  II Dövlət Dumasındakı çıxışlarından biri hələ ən yaxşı çıxışlardan biri kimi parlament tarixində qalmaqdadır. O,II Dövlət Dumasının  13 mart 1907-ci il tarixli

 9-cu iclasında – “Hərbi -səhra məhkəməsinin ləğvi haqqında” qanun  layihəsinə dair müzakirələrdə yaşadığı dövrün ziddiyyətlərini belə ifadə etmişdir:

” Cənab xalq nümayəndələri, iki gün ərzində burada deyilənlərə nəyi isə əlavə etmək  mənim üçün çətindir.Yalnız bir şeyi deyə bilərəm: bütün böyük Rusiya hazırda çoxmilyonlu xəstələri olan  LAZERETə (kiçik hərbi xəstəxanaya-N.N.) bənzəyir.

Siz- xalq nümayəndələri həkimsiniz,buraya konsiliuma çağrılmışsınız.Siz diaqnoz qoymalı və dərhal işə başlamalısınız….

Hər bir həkim lazeretə daxil olarkən,  hər bir sanitar dəstəsi döyüş meydanına  yola düşərkən  lkin kömək göstərir   ən   əsas,  ən ciddi xəstələrə, lakin heç də ümidsiz olmayan xəstələrə   ilk növbədə kömək göstərir,diqqət verir.

Hərbi-səhra məhkəmlərinin  qurbanları  belə xəstələrdəndir.Biz bunun səbəblərini  araşdırmağa vaxt itirməməliyik.Faktların özü hər şeyi göstərir.

Biz artıq, insanları xilas edən tədbirlərin həyata keçirilməsinə başlamalyıq.Mən qorxuram, siz də, xalq nümayəmdələri  də qorxun ki. hər gün həyatını xilas etmək xahişi ilə buraya müraciət edən,lakin  cavab almayan həmin qurbanlar sizi bu cinayəti əlbir törətməkdə  olmasada, səhlənkarlıqda ittiham etsinlər.

Cənablar iş görməyə tələsin.Unutmayın ki,dediklərimizi bir qulaqdan alıb  o biri quaqdan buraxırlar..

(Dövlət Duması,II çağırış,  Hesabatlar, 1-ci cild).

      
          Mustafa Mahmudovun   Rusiya II Dövlət Duması xalq təhsili komissiyasının üzvü kimi çıxışları  həmişə ciddi müzakirələrə səbəb olmuşdur.

M. Mahmudov  belə çıxışlarının birində  xalq təhsili nazirini ana dillində olan təhsilə, müəllimlərin nüfuz və şərəfinin yüksəldilməsinə  qayğı göstərməyə,  çağırırdı (11,67).

Pusiya II Dövlət Duması öz işini cəmi 103 gün davam etdirir və 1907-ci il iyunun 3-də   çar manifesti ilə buraxılır.

M.Mahmudov  bir aydan sonra-14 iyul 1907-ci  ildə  yenidən 1-ci rus-tatar məktəbində əvvəki işini -direktorluğunu davam etdirir, lakin əmək haqqı iyulun 14-dən yox, sentyabrın  1-dən hesablanır. Müəllimlikdən başqa ,  ayrı işi olmayan M.Mahmudov əmək haqqının düzgün hesablanılmasını tələb edir (F.2802,25-26).

1908-ci ilin sentyabrında Mustafa Mahmudov  1-ci rus-tatar məktəbindəki işindən–direktorluqdan çıxarılır. Görünür,  bu, M.Mahmudovun  II Dövlət Dumasındakı alovlu çıxışları ilə igili olmuşdur.

Müəllimlikdən çıxarılandan sonra əqli zəhmətin imkan verdiyi müxtəlif yerlərdə işləyən M.Mahmudov  bir də pedaqoji fəaliyyətə 1910-cu il  avqustun 4-də başlaya bilir (F.2802,37).

M.Mahmudov 1918-ci il fevralın 9-da Müəllimlər Komissiyasının sədrinə yazdığı məktubda Zaqafqaziya Seyminə  üzv seçilməsi xəbərini verir (F.2802,65). Bu,o demək idi ki,M.Mahmudov  yenə də etibarlı  və yüksək vəzifəli insnlarla işləməyə dəvət edilmişdi.

Mustafa Mahmudov Zaqagqaziya Seymnin üzvü kimi  də xalqa ləyaqətlə xidmət etmişdir. 

Təəssüf ki, tarixçilərimiz Milli Şuranın ilk islasının katibi olan M.Mhmudovun  katiblik fəaliyyəti haqqında,demək olar ki, söz açmırlar.Amma bu vəzifə əvvəlcədən razılaşdırılmım tədbirlərin sırasına daxil olduğu üşün  diqqəti cəlb etməli idi.

Zaqafqaziyadan seçilmiş deputatlar tərəfindən hakimiyyət orqanı kimi Tiflisdə 1918-ci ilin fevral aylnda yaradılmış olan Zaqafqaziya Seyminin 26 may 1918-ci ildə son iclası keçirildi. Həmin seymdə Azərbaycan 44 deputatdan ibarət dörd müsəlman partiyası -“Müsavat” və ona qoşulan demokratik bitərəflər qrupu, “Müsəlman sosialist bloku”, “Rusiyada Müsəlmanlıq” (“İttihad”), “Hümmət” (menşevik) partiyaları tərəfindən təmsil olunurdu. Ertəsi gün, mayın 27-də, keçmiş Seymin Müsəlman fraksiyası tərəfindən fövqəladə iclas çağrildi. İclası keçirməkdə məqsəd – yaranmış siyasi vəziyyəti müzakirə etmək idi və keçmiş Zaqafqaziya Seyminin müsəlman fraksiyasının bütün üzvləri Azərbaycanın istiqlaliyyətini elan edərək müstəqil dövlət yaratmaq, Azərbaycanın idarə edilməsini öz üzərlərinə götürmək, Müvəqqəti Milli Şura yaratmaq qərarına gəldilər. Mayın 28-də Tiflisdə keçmiş Qafqaz Canişininin sarayında Azərbaycan Milli Şurasının ilk iclası keçirildi.

" Türk millətini Mavərayi-Qafqas seymində zirdəki dörd firqə təmsil ediyordu: 1) Türk xəlq ədəmi-mərkəziyyət firqəsi “Müsavat” və ona ilhad edən demokraq firqəsiz qrup,

2)Müsəlman sosialist bloku, 
3)”Rusiyada Müsəlmanlıq” (“İttihad”), 
4)Sosial-demokrat (menşevik) firqəsi “Hümmət”

 
M.Ə.Rəsulzadə
"

Milli Şura Cənub-Şərqi Qafqazda Azərbaycanın Müstəqil Xalq Cümhuriyyəti qurulması barədə qərar qəbul etdi, müstəqillik haqqında Akt – İstiqlal bəyannaməsi qəbul etdi. Tarixi iclasda Milli Şuranın aşağıdakı üzvləri iştirak etmişlər:

Həsən bəy Ağayev, Mustafa Mahmudov, Fətəli Xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanov, Heybətqulu Məmmədbəyov, Mehdi bəy Hacınski, Əliəsgərov, Aslan bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudin bəy Köçərli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Axundzadə.

Səsvermədə 24 nəfər müstəqilliyin lehinə səs vermiş, iki nəfər (S.M.Qənizadə və C.Axundov) bitərəf qalmışlar.

Altı bənddən ibarət olan bəyannaməni Azərbaycan Milli Şurasının üzvlərindən Həsən bəy Agayev, Fətəli Xan Xoyski, Nəsib bəy Yusifbəyli, Camo bəy Hacınski, Şəfı bəy Rüstəmbəyli, Nəriman bəy Nərimanov *, Cavad Məlik-Yeqanov, Mustafa Mahmudov imzalamışlar .

 ( İstiqlal Bəyannaməsi elan edilən  vaxtlarda  M.Ə.Rəsulzadə  Tiflisdə deyildi. O,bu zaman Batumda türklərlə danışıqlar aparırdı).

Müvəqqəti Milli Şuranın Sədri vəzifəsinə M.Ə.Rəsulzadə (“Müsavat” partiyasının MK sədri), onun müavini isə doktor Həsən bəy Ağayev seçildilər. İcra Komitəsinin sədri vəzifəsinə isə Fətəli xan Xoyski (bitərəf) seçildi .

Həmin iclasda Milli Şura ilk Müvəqqəti hökumətin yaradılması haqqında qərar qəbul etmişdir.

“Xalq seçkiləri ilə seçilmiş Azərbaycan Milli Müsəlman Şurası bildirir:
Bu gündən etibarən Azərbaycan xalqları suveren hüquqlara malikdirlər, Şərqi və Cənubi Zaqafqaziyadan ibarət olan Azərbaycan tam hüquqlu müstəqil dövlətdir. Müstəqil Azərbaycanın siyasi quruluş forması Demokratik Respublikadır…Müəssislər Məclisi çağırılana qədər bütün Azərbaycanın idarəsi başında xalq seçkiləri ilə seçilmiş Milli Şura və Milli Məclis qarşısında məsuliyyət daşıyan Müvəqqəti hökumət durur”. 

Milli Şura və ilk hökumət 1918-ci il iyunun 16-da Tiflisdən Gəncəyə köçmüş, noyabrın 16-dan dekabrın 7-dək – yəni ilk Parlamentin açılışınadək Bakıda fəaliyyətini davam etdirmişdir.

1918-ci il may ayının 28-də Milli Şuranın birinci iclasında Azərbaycanın müstəqil dövlət elan olunması haqqında tarixi qərar qəbul edildi. Beləliklə, 100 ildən artıq fasilədən sonra Azərbaycanın Şərqi və Cənubi Zaqafqaziya hüdudlarında milli dövlətçiliyi bərpa olundu. Elə həmin iclasda yeni demokratik dövlətin yaranması faktını hüquqi cəhətdən təsbit edən “Azərbaycanın istiqlaliyyəti haqqında Akt” qəbul edildi. Bir saatlıq fasilədən sonra iclas öz işinə yenidən başladıqda, ilk Azərbaycan hökumətini təşkil etmək haqqında tapşırıq almış Fətəlixan Xoyski müvəqqəti hökumətin tərkibini elan etdi:

 

İstiqlal Bəyannaməsini imzalayan 8 nəfərdən biri də Mustafa Mahmudov idi.

Azərbaycan İstiqlal Bəyannaməsinin mətni

Orijinal mətn (Azərbaycanca)

ایستیقلال بیان‌نامه‌سی
عقدنامه
İstiqlal Bəyannaməsi

بؤیوک روسیا اینقیلابی‌نین جریانیندا دؤولت ووجودونون آیری-آیری حیصصه‌لره آیریلماسی ایله زاقافقازیانین روس اوردولاری طرفین‌دن ترکینه مؤوجیب بیر وضعیتی-سیاسیه حاصیل اولدو. کندی قوایی-مخصوصه‌لرینه ترک اولونان زاقافقازیا میللت‌لری موقددرات‌لاری‌نین ایداره‌سینی بالذات کندی ال‌لرینه آلا‌راق زاقافقازیا قوشما خالق جومهورییتی‌نی تاسیس ائتدی‌لر. وقایع- سیاسیه‌نین اینکیشاف ائتمه‌سی اوزرینه گورجو میللوتی زاقافقازیا قوشما خالق جومهورییتی جوزین‌دن چیخیب‌دا موستقیل گورجو خالق جومهورییتی تاسیس‌ینی صلاح گؤردو. روسیا ایله عوثمانلی ایمپئراتورلوغو آراسیندا ظوهور ائدن موحاريبه‌نین تصوییه‌سی اوزون‌دن حاصیل اولان وضعیت حازظرئیی-سیاسیه و مملکت داخیلینده بولونان میثیل‌سیز آنارخیا جنوب-شرقی زاقافقازیا‌دان عبارت بولونان آزربایجانا دخی بولوندوغو داخیلی و خاریجی موشکولات‌دان چیخماق اوچون خوصوصی بیر دؤولت تشکیلاتی قورماق لوزومونو تلقین ائدیور. بونا بینان آرای-عومومیه ایله اینتیخاب اولونان آزربایجان شورایی-میللیه‌یی ایسلامیه‌سی بوتون جماعته اعلان ائدیور کی: Böyük Rusiya inqilabının cərəyanı ilə dövlət vücudunun ayrı-ayrı hissələrə ayrılması ilə Zaqafqaziyanın rus orduları tərəfindən tərkinə mövcud bir vəziyyəti siyasiyyə hasil oldu. Kəndli qəvayi-məxsusələrinə tərk olunan Zaqafqaziya millətləri müqəddəratlarının idarəsini bizzat kəndi əllərinə alaraq Zaqafqaziya Qoşma Xalq Cümhuriyyətini təsis etdilər. Vəqayi-siyasiyyənin inkişaf etməsi üzərinə gürcü milləti Zaqafqaziya Qoşma Xalq Cümhuriyyəti təsisini səlah gördü.
Rusiya ilə Osmanlı imperatorluğu arasında zühur edən müharibənin təsviyyəsi üzündən hasil olan vəziyyət hazireyi-siyasiyyə və məmləkət daxilində bulunun misilsiz anarxiya Cənubi-Şərqi Zaqafqaziyadan ibarət bulunun Azərbaycana, dəxi bulunduğu daxili və xarici müşkülatdan çıxmaq üçün xüsusi bir dövlət təşkilatı qurmaq lüzumunu təlqin ediyor. Buna binaən arai-ümumiyyə ilə intixab olunan Azərbaycan Şurai milliyyeyi-islamiyyəsi bütün cəmaətə elan ediyor ki:

١. بو گون‌دن اعتبارن آزربایجان خالقی حاکمیت حققینه مالیک اولدوغو کیبی، جنوبی و شرقی زاقافقازیا‌دان عبارت آزربایجان دخی کامیل-ال-حقوق موستقیل بیر دؤولت‌دیر. 1. Bu gündən etibarən Azərbaycan xəlqi hakimiyyət həqqinə malik olduğu kibi Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan dəxi kamil-əl-hüquq müstəqil bir dövlətdir.
٢. موستقیل آزربایجان دؤولتی‌نین شيکلی-ایداره‌سی خالق جومهورییتی اولا‌راق تقررور ائدیور 2. Müstəqil Azərbaycan dövlətinin şəkili-idarəsi Xalq Cümhuriyyəti olaraq təqarrür ediyor.
٣. آزربایجان خالق جومهورییتی بوتون میللت‌لر و بیلخاصه، همجیوار اولدوغو میللت و دؤولت‌لرله موناسیبتی-حسنه تاسیسی‌نه عزم ائدیور 3. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər və bilxassə həmcüvar olduğu millət və dövlətlərlə münasibəti – həsənə təsisinə əzm edər.
٤. آزربایجان خالق جومهورییتی میللت، مذهب، صینیف، سیلک و جینس فرقی گؤزلمه‌دن قلمروووندا یاشایان بوتون وطنداش‌لاری‌نا حقوقی-سیاسیه و وتنیه تامین ائیلر. 4. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif, silk və cins fərqi gözləmədən qələmrəvində yaşayan bütün vətəndaşlarına hüquqi-siyasiyyə və vətəniyyə təmin edər.
٥. آزربایجان خالق جومهورییتی اراضی‌سی داخیلینده یاشایان بیلجومله میللت‌لره سربستانه اینکیشاف‌لاری اوچون گئنیش میدان بوراخیر 5. Azərbaycan Xalq Cümhuriyyəti ərazisi daxilində yaşayan bil cümlə millətlərə sərbəstanə inkişafları üçün geniş meydan buraxır.
٦. مجلیسی-موسسیسان توپلانینجایا قدر آزربایجان ایداره‌سی‌نین باشیندا آرای-عومومیه ایله اینتیخاب اولونموش شورایی-میللییه‌یه قارشی مسئول حوکومتیمووققت‌ی دورور”. 6. Məclisi-Müəssisan toplanıncaya qədər Azərbaycan idarəsinin başında arai-ümumiyyə ilə intixab olunmuş Şurai Milli və Şurai-Milliyə qarşı məsul hökuməti-müvəqqəti durur

.
حسن بی آغایئو،

فتحعلی‌خان خویسکی،
نصیب به‌ی یوسیف‌به‌ی‌لی،
جامو به‌ی هاجینسکی،
شفی به‌ی روستم‌به‌ی‌لی،
نریمان به‌ی نریمان‌به‌ی‌وو، 
جاواد ملیک-یئقانوو،
موصطافا ماحمودوو

1.Həsən bəy Ağayev
2.Fətəli xan Xoyski 
3.Nəsib bəy Yusifbəyli
4 Cəmo bəy Hacınski 
5.Şəfi bəy Rüstəmbəyli
6.Nəriman bəy Nərimanbəyov
7.Cavad Məlik-Yeqanov 
8.Mustafa Mahmudov

***

Maraqlıdır ki,İstiqlal Bəyannaməsibdə irəli sürülən fikirlərin çoxu hələ 1907-ci ildə Rusiya Dpvlət Dumasınıniclaslarında Azərbaycanlı deputatların çıxışlarında səsləndirilən fkirlərdir……… 

 AXC-nin parlament üzvü
 
Mustafa Mahmudov Zaqafqaziya Seyminin bütün içtirakcçılarına şamil olan qaydalara əsasən AXC -nin parlament üzvü kimi fəaliyyət göstərmişdir.
Akademik Ziya Bünyadov “Azərbaycan Palamentinin son saatları” adlı məqaləsində
Mustafa Mahudovгт  parlamentin son iclasındakı çıxışına heç bir şərh vermədən onu olduğu kimi oxuculara çatdırmışdır.Təəssüf ki,i sclasın protokolunda Mustafa  Mahmudovun adı səhvən  “Muxtar” yazılmışdır(2,8).
 
 
 Həyatının  qaranlıqda və alatoranlıqda qalan məqamları
 
Mışhur türkoloq  professor Əhməd Cəfəroğlu Tükiyədə çıxan  “Mücahit” jurnalının
1962-ci  il 45-46-cı nömrəsində “İhtilalçı Mücahit Mahmudoğlu Mustafa” adlı məqaləsində   Rusiya  II Dövlət Dumasının deputarı olan Mustafa Mahmudoğlunun Peterburq Univestşnın hüquq fakültəsinin  məzunu olduğunu yazır ki. bu da həqiqətə uyğun deyil.
 
Yazının üslubundan və məzmunundan hiss olunur ki, Ə.Cəfəroğlu bu mövzu ilə ilfili araşdırmalarında faktlardan daha çox M,Mahmudovun   deputat kimi fəallığına önəm verməyi lazım bilmişdir.
 
Əhməd Cəfəroölunun bu yazısı rəhmətlik Maarif Teymurov tərəfindən  “Körpü” qəzetinin 1992-ci ilə aid  3(12)-cü nömrrəsində Azərbaycan oxucularına çatdırılmışdır.

Bir sıra mənbələrdə Mustafa Muradovun bir  qızı olduğundan danışılır.Halbuki onun
3 övladı dünyaya gəlmişdir.Qızı Sara Şamaxılı Həcməddin Qarayevlə  ailə həyatı qurmuşdur. Hal-hazırda bu icdivacdan Moskvada  Mahmudovların nəsil şəcərəsi davam etməkdədir. Digər qızı Səfurə Bakıda yaşamış, 1988-ci ildə dünyasını dəyişmişdir.

1990-cı illərin əvvəllərində mən bu ailə haqqında şəcərə məlumatı toplayarkən bir sıra qaranlıq məqamlarla rastlaşdım.  Bunların bir qismi  nəsillər arasında ağır repressiya illərinin qorxusunun hələ də  çəkilmədiyini sübut editdi. Mustafa müəllimin   tək oğlu   lap kiçıik  yaşlarında  vəfat etmişdir.
 
AXC yüzillik  bayramına qədər Mustafa Mahmudovun ilk təhsil aldığı  məktəbdə (bu məktəb indi Köhnəbazar kənd orta məktəbi kimi tanınır-N.N.) xüsusi xatirə otağı   və  kəndin mərkəzi yerlərinin    birində Mustafa Mahmudovun ev-müzeyini  yaratmaq olar.
Kürdəmirin girəcəyində də M.Mahmudovun heykəlini yapmaq gərəkli görünür.Ali məktəblləə yüksək balla qəbul olunan Kürdəmirli gənclər üçüm  Mustafa Mahmudov təqaüdü barədə də düunmək olar.
Bütün bu məsələlərə Milli Məclis səviyyəsində baxılmalıdır.      

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin qalibi,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü,

Avropa Azərbaycan Məktəbinin sabiq kafedra müdiri və müəllimi,

türkoloq.

Ədəbiyyat siyahısı


Ədəbiyyat siyahısı

1.H.Əliyev.Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında (Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2001-ci tarixli Fərmanı).

2. Akademik Ziya Bühyadov. Azərbaycan Parlamentinin son saatları .// За семью печатями.Баку,1992.səh.3-16.

3.Ahmet Caferoğlu .İHtilalçı Mscahit Mahmudoğlu Mustafa.,,Mücahid jurnalı, 1962, N45-46.

4.Maarif Teymur.Bu barədə ilk dəfə.  Körpü qəzeti1992,aprel.N3 (12).

5..Ə.Seyidov.Qori seminariyası.Bakı,1988.

6..Bəxtiyar Nəcəfov.Qzərbaycan Demokratik Respublikası.Bakı,1992

7.Nazim Nəsrəddinov.Xalq müəllimi,millət vəkili.Xalq qəzeti.18.12.1992.N 234(21858).

8.Nazim Nəsrəddinov.İstiqlal Bəyannaməsini imzalayanlardan biri-Kürdəmirli Mustafa Mahmudov. Strategiya.az. 28.05.2016.

9.AR DTA.Фонд 2802.оп.1ед.хр.904.
 
10.AR DTA.Фонд 309,оп. 1, ед .хр. 52

11.Д.Б.Сеидзаде. Азербайджанские депутаты в Государственной Думе России.Баку,1991.

12.Назим Насреддинов.Гриф Совершенно сккретно снят. газ/Баку,26. 06. 1993.

13.Назим Насреддинов. Почему забыт Мустафа Махмудов? “Баку” газ  06.04.1993.

14.Мамед Джафаров. Учитель. // За семью печатями.Баку,1992 стр.17-21.

15. Газета “Баку,07.02.1907.

Annotasiya

Məqalədə Zaqafqaziya Müəllimlər Seminiyesının 1899-cu il məzunu,Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun yaxşı tanıdıqları,  pedaqoji ustalığına və  elmi-metodiki bacarıqlarına inadıqları, Bakıdakı bir neçə rus-tatar məktəbində direktor işləmiş  Rusiya II Dövlət Dumasının  deputatı, Zaqafqaziya Seyminin üzvü, AXC-nın Parlament üzvü  Mustafa Mahmudovun müəllimlik və ictimai-siyasi  fəaliyyətindən bəhs olunur.

Məqalədəki  fikir və müddəalar  arxiv materiallarına  və doğruluğu şübhə doğurmayan elmi mənbələrə əsaslanır. 

 
 

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

İlgili Terimler :
Bilmate