HAVA DURUMU

- Hoşgeldiniz - Sitemizde 16 Kategoride 5796 İçerik Bulunuyor.

SON DAKİKA

Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?

25 Aralık 2017 - 443 views kez okunmuş
Ana Sayfa » Genel»Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?
Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?

Məhəmməd Əmin Rəsulzadənin unudulmuş məqaləsi:

Mürəttib M.Ə.R. kriptonimi kimə aiddir?

“Həyat” qəzetinin 14 dekabr 1905-ci il tarixli 118-ci nömrəsində dərc olunmuş bir məqalə diqqətimi cəlb etdi. Görəsən, əsl imzasını oxuculardan gizlədən “Mürəttib M.Ə.R.” kimdir?
Haqqında az-çox xəbərim olan mürəttibləri xatırlamağa çalışdım. Müqayisələr apardım, mətbuat tarixinə aid araşdırmaları çözələdim. Uyğun gələni tapılmadı. Görkəmli publisist, araşdırıcı, mətbuat tariximizin yaxşı bilicilərindən olan Qulam Məmmədlinin “İmzalar” adlı soraq kitabçasındakı “Mürəttib”lərin də heç biri uyğun gəlmədi.

***

Onda 1992-ci ilin oktyabrı idi. O vaxt Qulam müəllim 96 yaşın içində idi. Bir neçə il idi ki, arxivlərdə görünmürdü. Yəqin ki, indi başqa qayğılarla yaşayırdı. Odur ki, ona müraciət etmək fikrindən çəkindim. Gümanım yüz yerə gedirdi. Yazı üslub və məzmununa görə M.Ə.Rəsulzadənin yazısına oxşayırdı. Mürəttiblik və M.Ə.R kriptonimi (M-Məhəmməd; Ə-Əmin; R-Rəsulzadə) də M.Ə.Rəsulzadə ehtimalını daha da artırırdı.Təəccüblüdür ki, M.Ə.Rəsulzadə irsinin əsas tədqiqatçılarından biri olan Ş.Hüseynovun tərtib etdiyi topluda da (M.Ə.Rəsulzadə. Əsərləri.B.,1992-ci il) bu məqalə yoxdur. M.Ə.Rəsulzadəyə aid olduğuna əmin olduğumuz “Mətbəələrimizə dair” adlı məqaləni o vaxtlar yazıçı Cəmil Əlibəyovun redaktor olduğu “Novruz” qəzetində çap etdirdim.

(“Novruz” qəzeti,30.10.1992-ci il, N 40 ).

Filologiya elmləri doktorları Xeyrulla Məmmədov və Murtuz Sadıqov yazını bəyəndilər.
(Bir sıra elmi yazılarımı çap etdiyinə görə “Novruz” qəzetinin yaradıcı kollektivini həmişə xatırlayıram).

***

M.Ə.Rəsulzadənin ƏSƏRLƏRİ toplusunsa düşməyən yazısını müasir oxuculara təqdim edirəm.

“Mətbəələrimizə dair” (“Həyat” qəzeti,14.12.1905, N 118)

Müəllifi : Mürəttib M.Ə.R.

Bizim müsəlmanlar hər bir cəhətdən geridə qalıb, bütün işləri binizam olan kimi, mətbəələri dəxi binizamdır. Məsələn, hürufat xəzinəsini (qassəsini) alalım. Bunun adını müsəlmanca (azərbaycanca-N.N.) eşitmədiyimizdən özümüzdən ad qoyub, “hürufat xəzinəsi” deyirəm. Bu hürufat xəzinəsi məmalik (məmləkətlər-N.N.) islamiyyənin hər yerində bir tövr deyil. Məsələn, Bakı mətbəələrində qassələr bir tövrdür, Tiflisdə ayri tövrdür. Əgərçi tərzi ilə yerinə tökülməyibdir. Həmçinin İçəri Rusiyada olan müsəlman (qassə)ləri bir ayrı şəkildədir. Xorasanda isə eşitdiyimizə görə xasdır (özlərinə məxsusdur-N.N.). Orada bir növ (qassə) qayurublər ki, tuli ( uzunluğu-N.N.) bir sajından uzun olub, eni də arşın yarımacan olan uzunluqda və iki barmaq enindədir. Və yenə Bakı mətbəələrinin birində bir tövr (qassə) var ki, onu qədim zamanda Bakıda müsəlmani qassə olmayanda bir nəfər mürəttib icad edibdir və indiyə kimi durur və qassədə də o mürəttibdən başqə, heç kəs düzə bilməz.

Bu səbəblərə görə hərgah bir mürəttib bu şəhərdən o biri şəhərə və yəniki bir məmləkətdən o biri məmləkətə keçsə, gərək ki, ac qalsın və yəni ki qalmasa da bir aya kimi gərək qüvvəti-ləyamutə (əbədilik qüvvəsinə-N.N.) davam edib, qassəni mütaliə edib ögrənsin, sonra işləməyə başlasın.

Bir böylə zamanda ki cəmi xarici millətlərin mürəttibləri şəhərlərdə özləri üçün cəmiyyətlər təxşis (tanıma-N.N.) verib, ehtiyat sərmayəsi yığırlar, yainki bikar vəqtlərində ac qalmasınlar və bir şəhərdən o biri şəhərə gedib, özlərinə iş tapanacan o pul ilən güzəran etsinlər.

Biz müsəlman mürəttibləri kar və kor adamlar kimi dayanıb baxırıq, guya heç bir adamlardan deyiliz.

Qardaşlar, biz cəhalətimizdən cəmiyyətlər təşkil edib, ehtiyat sərmayəsi yığmaqdan və xarici mürəttib yoldaşlarımıza qoşulmaqdan ürkürükisə, laməhalə (heç olmasa-N.N.) öz qassələrimizi tərtibə salaq və hamısını bir tövrdə edək, yainki bir qərib vilayətə gedəndə ac qalıb, qeyrilərə möhtac olmayaq və buna görə lazımdır ki, qassələrimizi Osmanlı və Misir qassələri tərziylə edək, çünki onlar mətbəə işlərində bizdən çərxdədirlər (yüksəkdədirlər-N.N.). Onların qassələri bizlərinkindən səliqəlidir. O tövr qassələrdən düzülən xətlər bizlərinkindən gögçəkdir və düzülməsi də asandır.

Mürəttib qardaşlar! 
Hər cəmaət, hər sinif sənətkarları öz hallarını və güzəranlarını yaxşılaşdırmağa çalışırlar. Nə üçün gərək biz çalışmayaq? Məgər bizə insanlıq lazım degil? Məgər biz insan degiliz?

Çalışmaq lazımdır. Baxmaq ilən heç zad olmaz.

Və bir də bizim bəzi müsəlman mürəttiblərimizin əqidəsi bunadır ki, şagird ögrətmək lazım degil, çünki onlar sonra gəlib, bizim çörəyimizə guya mane olarlar.
Bilmək olmayır ki, bunlar bu əsri görməyirlər? Bu elmin tərəqqisini və çap işinin artmasını başa döşməyirlər? Bə ya inki özlərinin dünya uzunu yaşamalarına inanırlar?
Xaricilər bizim dilimizin mürəttibligindən çörək yeyirlər. Amma biz öz millətimizin balalarına …(bunu-N.N.) ögrətmək istəməyürük, yainki onlarda çörək yesinlər…

“Mürəttib M.Ə.R”

Yazının sonunda “Həyat” qəzetinin idarə heyəti məqalədə qaldırılan məsələlərə “İDARƏDƏN” qeydi ilə öz münasibətini bildirir.

Qeyd edək ki, “İDARƏ”ni təmsil edən “Həyat”ın müdir və mühərrir Əli bəy Hüseynzadə idi.

İdarədən

Müsəlman mürəttibligi sənətinin də tərəqqisi lazımdır. Bu da cəmiyyət və üzviyyət (orqanizasiya) ilə olur.

Əvvəllər hər şəhərin mürəttibləri yerli bir cəmiyyət təşkil edirlər və bu cəmiyyətlərdə öz nəqavislərini (nöqsanlarını-N.N.) mövqeyi-müzakirəyə qoyarlar. İkmal (mükəmməlləşdirmə-N.N.) çalışarlar, sonra bir ölkənin, Qafqazın, məsələn bəladidindən

(bəla görmüşündən-N.N.) iki-üç ildə bir kərə vəkilləri bir şəhərə yığıb, məşvərət edərlər, sonra işi daha böyüdüb, beynəlmiləl bir islam mürəttib konqresi dəvət edərlər… O vəqt qassə də və sair ehtiyaclar da yoluna girər! 

Anladınızmı?

Nazim Nəsrəddinov,

Azərbaycan Respublikasının əməkdar müəllimi,

Avropa Azərbaycan Məktəbinin  sabiq Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri,

Təhsil Nazirliyinin Elmi-Metodiki Şurasının bölmə üzvü

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə keçirilən

ƏN YAXŞI MÜƏLLİM müsabiqəsinin  qalibi,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü,

türkoloq.

24.12.2017.

P.S.

***Bir ildən sonra Məhəmməd Əmin Rəsulzadə Bakıda “Molla Nəsrəddin”ə vəkillik edir (İstədiyiniz kimi başa düşə bilərsiniz-N.N.).

***…dekabr ayının əvvəlindən təzə 1908-ci il üçün abunə dəftərimiz açılır.

.”.Bakıda məcmuəmizin vəkilləri “İrşad” idarəsində -“Nicat” cəmiyyətinin sədricənab Məhəmmədəmin Rəsulzadə və

Parapetdə”Nadejda” kontorunda məzkur (həmin-N.N.) cəmiyyətin xəzinədarı cənab Əsədulla Axundovdur”.

(“Molla Nəsrəddin” jurnalı, 09 .12.1907-ci il, N44,səh.2)

Ədəbiyyat

1. Mürəttib Mətbəələrimizə dair. “Həyat” qəzeti. 14.12.1905-ci il, N118.

2. Nazim Nəsrəddinov.  Mətbəələrimizə dair .. “Novruz” qəzeti. 30.10.1992-ci il, N 40 (95.).

3.”Molla Nəsrəddin” jurnalı. 09.12.1907-ci il , N44, səh.2.

4.Ərəb və fars sözləri lüğəti. Bakı,1967.

5.Əziz Mirəhmədov.  Yazıçılar,talelər,əsərlər.

6.Qulam Məmmədli. İmzalar.Bakı,1977.

7.Qulam Məmmədli. Sizə kim lazımdır Bakı,1990.

8. Н.Я.Макеев. Из истории псевдонимов  анонимов.Баку,1977.

Facebook Hesabınızla Yorum Yapabilirsiniz

Bilmate